SİYASƏT


Baronessa Koksdan madam Pekressə qədər – ssenari dəyişməyib

Bakı, 25 yanvar, AZƏRTAC

“Əzizim Ara, bu günlərdə hər birimiz Dağlıq Qarabağda artan terrorizm və soyqırımı təhlükəsinin qarşısını almaq üçün nə mümkündürsə edirik. Oktyabrın 4-də Britaniya hökumətinə göndərdiyim sorğunu bu məktuba əlavə edirəm. Bu gün, etnik təmizləmə siyasətinin göz qabağında olduğu bir vaxtda mən həmişəkindən daha çox əminəm ki, dünya Dağlıq Qarabağın – Artsaxın öz müqəddəratını təyin etmək səylərini dəstəkləməlidir”.

Bu sətirlər 2020-ci ilin oktyabr ayında Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koksun Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana yazdığı məktubdan götürülüb. Necə deyərlər, “saman çöpündən yapışan bir insanın qəlbinin haray səsi” olan bu sətirlər vaxtilə erməni KİV-lərinin çoxu tərəfindən yayılıb.

Siz bir şey anladınızmı? Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks Rusiya vətəndaşı Ara Abramyana Azərbaycan ərazisinin tərkib hissəsi olan Qarabağın taleyi ilə əlaqədar müraciət edir.

Əlbəttə, biz hörmətli xanım Koksun yaşı barədə heç nə yazmayacağıq. Ola bilsin, o unudub ki, SSRİ adlanan dövlət artıq çoxdan keçmişdə qalıb və indi Moskvaya şikayət məktubları yazmaq, necə deyərlər, yaxşı deyil.

Lakin Baronessa Koks özünün növbəti məktubunda - Böyük Britaniya hökumətinə ünvanlanmış müraciətində hərbi əməliyyatların aparılması taktikası üzrə biliklərini nümayiş etdirib. Baronessa yazır: “İndicə Yerevandan, Artsvi Baxçınyandan xəbər almışam. Mən sizi Baxçınyanın çağırışını dinləməyə və öz siyasi nümayəndələriniz və KİV-dəki əlaqələr vasitəsilə bu informasiyanı yaymağa çağırıram. Vəziyyət çox ciddidir. Azərbaycan su anbarlarını, şaxtaları, su elektrik stansiyalarını bombalayır, fəlakət törətməyə çalışır, ona görə ki, bircə metr belə irəliləyə bilmir, onlar ölkəyə və insanlara bacardıqları qədər zərər vurmağa çalışırlar.

Dünya bu terror koalisiyasının (Azərbaycan+Türkiyə+Suriyadan olan muzdlu terrorçular) eskalasiyasını dayandırmalıdır. Onlar bütün beynəlxalq insan hüquqlarını pozurlar. Biz onları dayandırmalıyıq. Rica edirəm, bu informasiyanı paylaşın ki, bütün dünya bunu bilsin... Sabah gec ola bilər...”.

Koks yazır: “Azərbaycan su anbarlarını, şaxtaları, su elektrik stansiyalarını bombalayır, fəlakət törətməyə çalışır, ona görə ki, bircə metr belə irəliləyə bilmir”.

“Su anbarlarını bombalayır” sözləri hərbi dildə bir qədər başqa cür səslənir – Azərbaycan işğalçı qoşunların hərbi infrastrukturunu dağıdır.

“Şaxtaları bombalayır” – Azərbaycan ermənilərin 30 il ərzində qurduqları Ohanyan xəttini dağıdır.

“Su-elektrik stansiyalarını bombalayır” – Azərbaycan erməni ordusunun havadan müdafiə sistemini məhv edir”.

Koksun fikrincə, Azərbaycan ermənilər üçün bütün bu xoşagəlməz əməlləri Türkiyə ilə birləşərək və Suriyadan olan terrorçuları köməyə çağıraraq bircə metr belə irəliləyə bilmir. Müharibənin yekunları hamıya məlumdur – kimin onlarca kilometr irəliləməsi də, kimin yüzlərlə kilometr geriyə qaçması da.

Lakin qeyd edək ki, Baronessa bu məktubunda, necə deyərlər, böyük uzaqgörənlik göstərərək əlavə edib ki, sabah gec ola bilər. Sabah – noyabrın 9-da həqiqətən gec oldu – Ermənistan kapitulyasiya sənədini imzaladı.

Bütün bu hadisələr 2020-ci ilin oktyabr-noyabr aylarında baş verib.

Bəs bir ildən çox vaxt keçəndən sonra biz nə üçün bu mövzuya qayıtmaq və çoxlarının artıq unutduğu 85 yaşlı siyasətçi qadını yada salmaq istəmişik? Ona görə ki, bu dəfə üfüqdə daha bir madam peyda olub.

Hərçənd, bu yeni madam nə qrafinyadır, nə hersoqinya, nə markiz, heç vikontessa da deyil. Bu, Fransa prezidenti vəzifəsinə namizədlərdən biri – Valeri Pekressdir.

Dərhal Fransa prezidentləri – Şarl-Andre-Jozef-Mari de Qoll, Jorj-Jan-Raymon Pompidu, Fransua-Moris-Adrien-Mari Mitteran yada düşür. Fransanın digər prezidentləri sanki diqqətdən kənarda qalır, hərçənd Fransa vətəndaşları başqa cür düşünə bilərlər. Siz bu madam ilə yuxarıda adları çəkilən dövlət xadimləri arasında fərqi hiss etdinizmi?

Sual edilir: Azərbaycan ərazisində Fransanın neçə vətəndaşı yaşayır və madam Pekress bizim ölkəmizdə fransızların hansı səsləri uğrunda mübarizə aparır? Mənim fikrimcə, Azərbaycanda Fransa səfirliyinin əməkdaşlarının və ölkəmizdəki fransız firmalarının işçilərinin sayı 2000 nəfərdən çox olmaz, bəlkə də az olar. Lakin madam Pekress təyyarə ilə Bakıya uçmayıb, qanunsuz olaraq Azərbaycandan Ermənistana yollanıb və öz səfəri barədə bu torpaqların həqiqi sahiblərinə - Azərbaycan hökumətinə və Azərbaycan xalqına məlumat verməyi “unudub”.

Bəzi Fransa KİV-ləri Valeri Pekress ilə müəyyən qüvvələr arasında gizli əlaqələr olmasını vurğulayırlar. Əgər məlum olsa ki, Fransa nümayəndə heyətinin qanunsuz səfərinə sponsorluq edən bədnam Abramyan olub, - bu, bizim üçün sürpriz olmayacaq. Həmin Abramyan Rusiyada qazandığı pullar hesabına əldə edilmiş silahları Vətən müharibəsi dövründə ermənilərə çatdırırdı.

Bu il aprel ayında Fransada prezident seçkiləri keçiriləcək. Həmin seçkilərin nəticələrinə görə Valeri Pekressin neçənci yeri tutacağı ölkəmizin vətəndaşlarını o qədər də maraqlandırmır. Başqa ölkələrdə keçirilən seçkiləri Azərbaycanda o qədər də diqqətlə izləmirlər, çünki ölkəmiz üçün həyati əhəmiyyətli bütün qərarlar Bakıda, ölkənin rəhbərliyi və vətəndaşları tərəfindən qəbul edilir.

Amma Ermənistanın taleyi tarix boyu başqa ölkələrdən və başqa hökmdarlardan asılı olub.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.