İQTİSADİYYAT
Barselonada keçirilən “Gastech” sərgi-konfransında TAP-ın Avropa üçün önəmi barədə məlumat verilir
Bakı, 17 sentyabr, AZƏRTAC
Barselonada “Gastech” sərgi və konfransı (“Gastech Exhibition & Conference”) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-dək davam edəcək sərgi qlobal upstream, midstream, downstream və inteqrasiya olunmuş təbii qaz, LNG və enerji dəyər zəncirinin biznes üçün bir yerə toplaşdığı platformadır. Sərgidə iştirakçılara Avropanın enerji təhlükəsizliyinə, eləcə də qitədə marşrutların və mənbələrin şaxələndirilməsinə, dekarbonizasiyaya töhfə verəcək “Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsi barədə də məlumat verilir.
Konfransda ekspertlər və qaz bazarının liderləri 2018-ci ildə və daha sonrakı dövrdə qaz və LNG sektorunun üzləşdiyi qlobal problemləri müzakirə edir. “Gastech” konfransı dünyanın ən böyük qaz, LNG və enerji konfranslarından biridir. Konfransda 350-dən çox spiker çıxış edəcək, upstream, midstream və downstream dəyər zəncirinə dair 250 təqdimat keçiriləcək.
“Gastech”də Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) və Beynəlxalq Enerji Agentliyinin (IEA) nümayəndələri, “Enagás”, “Qatar Petroleum”, “Snam”, “Repsol”, “Gazprom Export”, “Engie”, “ExxonMobil”, “McDermott”, “Novatek”, “Vitol”, “Shell”, “CNPC”, “Eni”, “Total” və digər neft-qaz şirkətlərinin rəhbər şəxsləri və təmsilçiləri iştirak edir.