CƏMİYYƏT
Baş Daşağıl çayında qısamüddətli sel olub
Bakı, 6 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan yağış nəticəsində bəzi çaylarda sululuq artıb, Baş Daşağıl çayından isə qısamüddətli sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 25-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, avqustun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 55 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 50 kubmetr təşkil etməklə ongünlük normanın 38 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 50 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12,5 kubmetr təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.
Avqustun 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb, lakin Salyanda isə suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 319 (2017-ci il avqustun 6-da 348 sm), Şirvanda 159 (2017-ci il avqustun 6-da 203 sm), Salyanda 85 (2017-ci il avqustun 6-da 117 sm), Bankədə 175 (2017-ci il avqustun 6-da 171 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetrə (2017-ci il avqustun 6-da 60 sm) bərabərdir.