CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Bakı, 1 dekabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi ilə bağlı xəbərdarlığı sürücülərin diqqətinə çatdırılıb.
BDYPİ sürücülərə müraciət edərək bildirib ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olmalıdırlar. Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamalıdırlar.
Qeyd edilib ki, güclü küləyin müşahidə olunduğu yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırmalıdırlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur.