CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda daha məsuliyyətli olmağa çağırır

Bakı, 8 dekabr, AZƏRTAC

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq. Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar olur. Təbii ki, yolların sürüşkən və ya nahamar örtüklü olması, hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması, piyada keçidlərinin yetərincə olmaması və sair kimi qismən nəticəyə təsir göstərən bəzi amillər də var.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Müraciətdə qeyd olunub: “Yol-nəqliyyat hadisələri törətmiş şəxslərin sürücülük təcrübəsi ilə bağlı statistik göstəricilərə diqqət yetirsək görərik ki, qeydə alınmış ağır qəzaların çoxu məhz 10 ildən yuxarı sürücülük təcrübəsi olan şəxslərin təqsiri səbəbindən baş verib. Ümumiyyətlə, sürücülük hüququ yarandıqdan sonrakı birinci onillik ərzində fərdlərin məsuliyyət hissi növbəti onilliklərlə müqayisədə daha artıq olur. Sonradan sürücülərdə yaranan arxayınlıq, özünə güvənmə məsuliyyət hissini azaldır ki, bu da yol hərəkətində intizamsızlığa və qəzaların baş verməsinə gətirib çıxarır”.

Qeyd olunub ki, sürücünün yolda müəyyən edilmiş sürət həddinə əhəmiyyət verməməsi, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxması, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozması, ara məsafəsi saxlamaması onun törətdiyi qanunazidd əməllərə görə cavabdehlik daşıdığından xəbərdar olmamasının deyil, məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirməsinin göstəricisidir. Bu baxımdan sürücülərin təcrübəsiz olması, yol hərəkəti və yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında nəzəri biliklərinin qənaətbəxş olmaması kimi fikirlər irəli sürmək düzgün olmazdı.

“Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daim yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki, sürücülük özü də bir peşədir, o, həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi gündəlik fəaliyyətdə istər-istəməz iştirakçıya çevrildiyimiz yol hərəkəti prosesində şəxsi və ictimai məsuliyyət hissinin son dərəcə vacib olduğunu xatırladır, hər kəsi yollarda intizamlı olmaqla ölkəmizdə yol hərəkəti mədəniyyətinin möhkəmlənməsinə və qəzaların sayının azaldılmasına yardımçı olmağa dəvət edir”, - deyə müraciətdə vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.