CƏMİYYƏT
Baş Dövlət Yol Polisi İdarəsi velosiped sürücülərinə müraciət edib
Bakı, 7 oktyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son günlər velosipedçilərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının artması ilə bağlı sürücülərə müraciət edib.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev AZƏRTAC-a bildirib ki, ötən gün saat 18:45 radələrində Pirallahı qəsəbəsi S.Vurğun küçəsində qəsəbə sakini 1994-cü il təvəllüdlü sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi “Mercedes-Benz” markalı, 99-HC-515 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 1961-ci il təvəllüdlü Hümbətov Şahin Zərqulu oğlunu vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.
Bundan əvvəl – oktyabrın 2-də saat 12:30 radələrində Binəqədi rayonu 28 May qəsəbəsində Abşeron rayonu sakini 1967-ci il təvəllüdlü sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi “QAZ-53” markalı, 10-HC-792 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən velosipedçi, 2000-ci il təvəllüdlü İsmayılov Nicat Vüqar oğlunu vurub. N.İsmayılov ötən gün xəstəxanada dünyasını dəyişib.
“Bütün bunları nəzərə alan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edərək bildirib ki, velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar yol nişanlarının və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”, - deyə Namidan Piriyev bildirib.