CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bank kartlarındakı pul vəsaitlərini talayan dəstənin üzvlərini saxlayıblar VİDEO

Bakı, 10 avqust, AZƏRTAC

Naməlum şəxslərin sosial şəbəkələrdə vətəndaşları işə düzəltmək adı ilə onların kart məlumatlarını əldə edib daha sonra hesabda olan pul vəsaitlərini talamaları barədə Daxili İşlər Nazirliyinə (DİN) çoxsaylı müraciətlər daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məlumatlar nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən növbəti dəstənin üzvləri - Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar.

Müəyyənləşdirilib ki, bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər. M.Babazadə və G.Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi adı altında 500 manatdan 6000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər. Bu məqsədlə onlar müraciət edən vətəndaşların kart məlumatlarını əldə ediblər. Sonra onlar kartlardakı vəsaitləri öz hesablarına yönləndirərək nağdlaşdirıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıblar. M.Babazadə və G.Kazımovun bu müddətdə onlara müraciət edən 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarda olan pul vəsaitlərini taladıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Babazadə və G.Kazımovla bağlı əməliyyat-istintaq tədbirlər davan etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşlara elan, onlayn alış-veriş saytlarında, eləcə də bu tipli platformalarda yerləşdirilən və ilk baxışdan insanların diqqətini cəlb edən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, bank kartlarında olan məlumatları heç bir halda qarşı tərəfə verməməyi tövsiyə edirik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.