Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib
AzerTAg.az
Bakı, 22 yanvar, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs keçirilən təxirəsalınmaz tədbir nəticəsində tutulub. Onun üzərinə baxış zamanı AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 daraq və 37 patron aşkarlanaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş İlkin Ağayev tutularaq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman “Marqolin” markalı tapança və həmin silaha aid 44 patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Samir Xəlilov və İlkin Ağayev barələrində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.




Xəbərin mətnində orfoqrafik səhv var