CƏMİYYƏT
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçiriblər VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Pərviz adlı şəxsin Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs - paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Məmmədəliyev tutulub. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram həşiş qətranı, 242 qram heroin, 59 qram metamfetamin, 31 ədəd metadon həbi, 2 elektron tərəzi və sandıqçasında 4 patron olan “Sieger” markalı qaz tapançası aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Goranboy rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əhməd Ərəbov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zamanı ümumi çəkisi 9 qrama yaxın olan heroin aşkar olunaraq götürülüb.
Hər iki şəxs paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Pərviz Məmmədəliyev və Əhməd Ərəbov barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.