CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci ildə görülmüş işlərin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir Ramil Usubov insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini diqqətə çatdırıb, bu mübarizənin dövlət siyasəti olmaqla Azərbaycan Prezidentinin daim nəzarətində olduğunu vurğulayıb.

Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.

General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq görülən işləri müsbət dəyərləndirib.

Daxili işlər naziri “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il aprelin 16-18-də Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini tələb edib, tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.