CƏMİYYƏT
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində növbəti tədris tədbiri keçirilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün təşkil olunan tədris tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 22-də “Zoom” proqramı vasitəsilə onlayn şəkildə növbəti tədris tədbiri keçirilib. Tədbirdə Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun müvafiq qurumlarının, eləcə də 25 tabe şəhər və rayon prokurorluqlarının əməkdaşları dinləyici qismində iştirak ediblər. Tədbirə təlimçi qismində Elm-Tədris Mərkəzinin əməkdaşı ilə yanaşı, Baş Prokurorluğun aidiyyəti qurumlarının işçiləri də cəlb olunublar.
Tədbir çərçivəsində “Bəraət hökmünün çıxarılması ilə nəticələnən cinayət işləri üzrə məhkəməyədək icraat zamanı sübutetmə, təqsirliliyin sübuta yetirilməsi, prosessual məcburiyyət tədbirlərinin tətbiqi və istintaq hərəkətlərinin aparılmasında yol verilən səciyyəvi nöqsanlar” və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” adlı mövzular üzrə mühazirələr dinlənilib, habelə son dövrlərdə qanunvericiliyə edilmiş mühüm dəyişikliklər, qüvvəyə minmiş yeni normativ hüquqi aktlar barədə ətraflı məlumat verilib.
Sonra təlimçilər tərəfindən iştirakçıların maraq doğuran sualları cavablandırılıb.
Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədris tədbirləri davam etdirilir.