CƏMİYYƏT
Baş Prokurorluğun əməkdaşları Beynəlxalq Antikorrupsiya Yay Akademiyasında iştirak ediblər
Bakı, 17 sentyabr, AZƏRTAC
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avstriyanın paytaxtı Vyana şəhərinin Laksenburq vilayətində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) təşkil etdiyi və 45 ölkədən 102 nümayəndənin iştirakı ilə videoformat rejimində keçirilmiş “2020 Beynəlxalq Antikorrupsiya Yay Akademiyası”nda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Əhməd Həsənov və Abşeron Rayon Prokurorluğunun müstəntiqi Günay Süleymanova iştirak ediblər.
Qabaqcıl tədris mərkəzlərindən olan və təsis edildiyi 2011-ci ildən bu günədək 1000-dən çox məzun verən, dünyanın inkişaf etmiş ölkələrinin, o cümlədən Azərbaycanın üzv olduğu IACA tərəfindən hər il olduğu kimi bu il də təşkil edilən yay akademiyasının təlim kursuna dünyanın mötəbər təhsil müəssisələrində, eləcə də digər sahələrdə fəaliyyət göstərən 12 ekspert qatılıb.
Mühazirələrdən daha çox Quido Palazzonun “Niyə yaxşı menecerlər düzgün olmayan qərarlar qəbul edirlər?”, Muştaq Xanın “Korrupsiya və iqtisadi inkişaf” və Riçard Messik, Hamiş Qold-Skot və Fernando Dayerin birlikdə təşkil etdiyi “İnfrastruktur sahəsində korrupsiyanın qarşısı necə alınmalı?” mövzuları iştirakçılar tərəfindən daha böyük maraqla qarşılanıb. Həmin mövzular ətrafında geniş və fəal müzakirələr aparılıb. Tədris prosesinin sonunda keçirilən imtahanda uğur qazanan prokurorluq əməkdaşlarına IACA-nın cari il üzrə yay akademiyasını bitirmələri münasibətilə sertifikatlar təqdim olunub.