CƏMİYYƏT
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak ediblər
Bakı, 27 yanvar, AZƏRTAC
Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyin təcrübədə tətbiqi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin ixtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə baş tutmuş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarda iştirak ediblər.
Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılar “ADA” Universitetinin tədris mərkəzində yaradılan şəraitlə tanış olublar.