CƏMİYYƏT
Baş Prokurorluğun instaqramdakı səhifəsində keçirilən sual-cavab sessiyası zamanı 56 müraciət daxil olub
Bakı, 21sentyabr, AZƏRTAC
Sentyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, müraciətləri qeydə alınıb.
Sessiya zamanı 56 müraciət daxil olub. Müraciətlər dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.
Xatırladaq ki, vətəndaşlar sessiya barədə əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.
Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.