CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndə heyəti Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak edib

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə Komitənin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərlikləri ilə dost ölkələrimizdə bütün sahələrdə əsaslı islahatların həyata keçirildiyini vurğulayıb, ikitərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edib.

Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən baş prokuror tərəflər arasında 2010-cu və 2015-ci illərdə müvafiq olaraq, Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında Saziş”in imzalandığını diqqətə çatdırıb. Hər iki razılaşmanın ölkələrimizin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin İstintaq Komitəsinin ölkəmizin hüquq mühafizə orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında ikitərəfli əlaqələrimizin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin uğurla icra edildiyini, ölkələrimiz arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv genişləndiyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Belarus və Qazaxıstan nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.