CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
Bakı, 27 iyul, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Talan edilmiş aktivlərin xaricdən qaytarılması” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi qanunçuluq və hüquq qaydasının təmin edilməsi, cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirəsi ilə bağlı məsələlərin müzakirəsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf perspektivlərini müzakirə etmək olub.
Konfransda Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin rəisi Emil Mürsəliyev təmsil ediblər.
Qazaxıstan Respublikası Baş prokurorunun müavini Bulat Dembayev çıxışında tədbirdə iştirak edən dövlətlərin aktivlərin bərpası sahəsində təcrübəsinin ölkəsi üçün böyük maraq kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən Erkin Əlixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində reallaşdırılan institusional tədbirlər, habelə aktivlərin bərpası sahəsində ölkəmizin təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəlik və vəzifələrin ölkəmiz tərəfindən tam şəkildə yerinə yetirildiyini vurğulayan E.Əlixanov konfransın aktivlərin bərpası sahəsində müxtəlif ölkələrin səlahiyyətli orqanları arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli platforma olduğunu, cinayətkarlıq, qlobal çağırış və təhdidlərə qarşı mübarizədə beynəlxalq birliyin səylərinin səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Səfər çərçivəsində Qazaxıstan, Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.