CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Bakı, 3 fevral, AZƏRTAC
Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin baş prokurorlarının 3-cü görüşü keçirilib. Təşkilata üzv dövlətlərin prokurorluq orqanları əməkdaşlarının qatıldıqları tədbirdə Azərbaycanı baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Namiq Əsgərov çıxışında Azərbaycan ilə Pakistan arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən ikitərəfli münasibətlərin inkişafı, dövlətlərimizin başçılarının siyasi iradələri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini vurğulayıb. N.Əsgərov Azərbaycanın ECO çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini, təşkilatın möhkəmlənməsi istiqamətində mühüm işlər gördüyünü, bir çox səmərəli təşəbbüslərin müəllifi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Baş prokurorun müavini ötən il iyunun 6-7-də ECO-ya üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilmiş üçüncü iclasının əhəmiyyətini xüsusi qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamından sonra ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verən N.Əsgərov Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə edilmiş dəyişikliklərin humanist mahiyyətindən danışıb.
Sonra Azərbaycan nümayəndə heyəti Pakistanın baş prokuroru Aştar Ausaf Ali, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirərək geniş fikir mübadiləsi aparıb.
Nümayəndə heyətlərinin rəhbərlərini qəbul edən Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ECO-ya üzv dövlətlərin prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın transmilli cinayətkarlıqla mübarizədə zəruriliyini vurğulayıb.
Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları tədbirdə fəal iştirak ediblər.
Tədbirin yekununda İslamabad Bəyannaməsi qəbul olunub.