CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndəsi Avropa Prokurorlarının Məşvərət Şurasının tədbirində iştirak edib
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi Strasburqda Avropa Prokurorlarının Məşvərət Şurasının (CCPE) 13-cü plenar iclasında iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikigünlük plenar iclasda ekspert qrupu tərəfindən “Prokurorların müstəqilliyi, hesabatlılığı və etik davranışı” adlı 13 saylı Rəy geniş müzakirə olunaraq qəbul edilib.
Prokurorların dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolunu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyini nəzərə alaraq, 2005-ci ilin iyulunda bu qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərət Şurası yaradılıb. Avropa Şurasına üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən qurum hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.
Şuranın 13-cü plenar iclasında, həmçinin Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktorluğunun İnsan hüquqları məsələləri üzrə direktoru Kristof Puarel Azərbaycana sonuncu səfəri barədə məlumat verərək, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib. O, Şuranın qəbul etdiyi sənədlərin daha geniş hüquqşünas auditoriyasına təqdim olunması məqsədilə rəylərin üzv dövlətlərin dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayaraq, bu sahədə ölkəmizi nümunə kimi xüsusi vurğulayıb və Azərbaycan Respublikasının Baş Prokurorluğuna təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanı təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov 13 saylı Rəyin müzakirəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericilik aktları, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi” barədə ekspert qrupunu məlumatlandırıb. Verilən təkliflər nəzərə alınaraq sənəddə əksini tapıb.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, Azərbaycan “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı Rəyin hazırlanması üzrə işçi qrupun üzvü seçilib.
Plenar iclasın sonunda Portuqaliya nümayəndəsi Hose Manuel Santos Pais yekdilliklə Şuranın növbəti il üçün prezidenti seçilib.