CƏMİYYƏT


Baş Prokurorluq: 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin olunub VİDEO

Bakı, 6 avqust, AZƏRTAC 

Xəbər verildiyi kimi, cari il iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət işinin istintaqı zamanı cinayət törətmiş şəxslərin dairəsi müəyyən edilməklə bu cinayətin təşkil olunmasında, o cümlədən törədilməsində bilavasitə iştirak etmiş şəxslər istintaqa cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri, intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları təmin ediləcək.

Bununla yanaşı, qeyd edilməlidir ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin həyata keçirilən prosessual hərəkətlər zamanı guya hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Baş Prokurorluq tərəfindən diqqətə çatdırılır ki, təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız müdafiəçinin iştirakı ilə həyata keçirilib və sonuncuların hüquqlarının pozulması hallarına yol verilməyib.

Bir daha qeyd edilir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir və istintaqın obyektiv gedişinə təzyiq göstərilməsi kimi qiymətləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.