CƏMİYYƏT


Baş Prokurorluq: BSU-nun şöbə müdiri barəsində cinayət işi vətəndaşların çoxsaylı şikayətlərinə görə başlanıb

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) şöbə müdiri Dürdanə Əliyeva barəsində cinayət işi universitetin rektorunun müraciətinə görə yox, vətəndaşların çoxsaylı şikayətlərinə görə başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı aprelin 29-da ictimaiyyət Baş Prokurorluğun mətbuat xidməti tərəfindən məlumatlandırılıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, universitetin rektorunun Baş Prokurorluğa və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq həmin məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarının mənimsəməsi ilə bağlı yanvarın 25-də Baş Prokurorluğun 161 nömrəli "Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında başlanıb və yalnız bundan sonra fevralın 4-də BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

"Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır.

Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır", - deyə məlumatda qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.