CƏMİYYƏT


Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş Türkiyə vətəndaşı Sumqayıtda saxlanılıb

Bakı, 26 noyabr, AZƏRTAC 

Noyabrın 26-da Azərbaycan Respublikası Baş Prokurorluğuna Türkiyə Respublikası hüquq-mühafizə orqanları tərəfindən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilmiş Yağmur Erbay Mustafa oğlunun noyabrın 25-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına dair məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Respublikası Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunduğu müəyyən edilib.

1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyə Respublikasına ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt Şəhər Prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyə Respublikasına ekstradisiya məsələsinin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.