SİYASƏT
Baş Prokurorluq: Düşmənin atəşi nəticəsində Ağdam rayon Qaradağlı kənd sakininin həlak olması ilə bağlı cinayət işi başlanıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Düşmənin dinc əhalinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində sentyabrın 29-da saat 13 radələrində Ağdam rayonunun Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olub. Tibb məntəqəsinin binası dağılıb, ərazidəki sakinlər təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda bildirilib ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində 65 ev və 5 mülki obyekt yararsız vəziyyətə düşüb.