SİYASƏT


Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin Abşeron və Xızı rayonlarına raket atmaları ilə bağlı məlumat yayıb

Bakı, 5 oktyabr, AZƏRTAC 

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri oktyabrın 4-də saat 12 radələrində bu ölkənin təcavüzkar hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyası və onun Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Xızı rayonunun Türkoba və Abşeron rayonunun Pirəkəşkül kəndlərinin yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla böyük dağıdıcı qüvvəyə malik 2 ədəd uzunmənzilli ballistik raketdən istifadə edərək, həmin kəndlər istiqamətində intensiv atəşlər açmaqla Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmaqla aparılıb və terrorçuluq cinayəti törədilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 29, 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq bəyan edir ki, Ermənistan silahlı birləşmələri tərəfindən hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən mülki əhalinin sıx yaşadığı ərazilərin və məntəqələrin ağır artilleriyadan atəşə tutularaq dinc əhaliyə qarşı cinayətlərin törədilməsinə görə Ermənistanın və işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejiminin kriminal hərbi-siyası rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.