CƏMİYYƏT


Baş Prokurorluq: Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirdiyi mülki şəxslərin basdırıldığı yer müəyyən edilib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirdiyi mülki şəxslərin cəsədlərinin basdırıldığı yerin müəyyənləşdirilməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozularaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb.

Həmin cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı, 1993-cü il aprel ayının əvvəllərində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub.

Bu kimi cinayətlərin tam və hərtərəfli istintaq olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olub və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.

Qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədilə aprelin 24-də Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qazıntı - axtarış işlərinə başlanılıb.

Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.