CƏMİYYƏT


Baş Prokurorluq: Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə aparması və terrorçuluq əməlləri ilə bağlı cinayət işi başlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən döyüşlərin son mərhələsində Azərbaycan Ordusunun rəşadəti nəticəsində geri çəkilən Ermənistan silahlı qüvvələri yeni metodlardan istifadə edərək növbəti cinayət əməlləri törədib.

Araşdırmalarla müəyyənləşdirilib ki, 2020-ci il 8 oktyabr, 3, 4 və 8 noyabr tarixlərində Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmisi ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bununla bağlı Baş Prokurorluqda ətraflı araşdırmalar aparılmaqla, noyabrın 20-də faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni aparma), 214.2-ci (terrorçuluq) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq tədbirləri aparılmaqla müvafiq sənədləşmə işləri aparılır və sübutlar toplanılır.

Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyənləşdirilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün mümkün olan bütün tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.