CƏMİYYƏT


Baş Prokurorluq Ermənistanın təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin son statistikasını açıqlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də, 11-də, 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olub, 139 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Goranboy rayonunda 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Sentyabrın 27-də saat 18:00 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailənin beş üzvü məhv olub.

Eləcə də Tərtər rayonunda 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Bərdə rayonunda 2 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. Beyləqan rayonunda 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. Ağcabədi rayonunda 1 nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Füzuli rayonunda 3 nəfər həlak olub, 17 nəfər yaralanıb. Ağdam rayonunda isə 7 nəfər həlak olub, 40 nəfər xəsarət alıb. Yaralanmış şəxslərdən biri KİV təmsilçisidir.

Bundan başqa, Mingəçevir şəhərinə 5, Daşkəsən, Cəbrayıl, Xocalı və Qəbələ rayonlarının hər biri üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə sentyabrın 27-dən oktyabrın 23-dək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 63 nəfər həlak olub, 298 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.