CƏBHƏ XƏBƏRLƏRİ


Baş Prokurorluq: Hazırkı vaxtadək mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinin, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.

Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.

Həmçinin işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub.

Hazırda Prokurorluğun əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.