CƏMİYYƏT
Baş Prokurorluq: Narkotik vasitələrlə mübarizə məqsədilə İşçi qrup yaradılacaq
Bakı, 23 iyul, AZƏRTAC
Sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə birgə İşçi qrupun yaradılması qərara alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
Müşavirədə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.