CƏMİYYƏT
Baş Prokurorluq Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 20-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1981-ci il təvəllüdlü Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı 90-UB-986 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində sürücü və sərnişinin aldıqları xəsarətlərdən hadisə yerində ölmələri barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “KİA” markalı avtomobilin əvvəlcə eyni istiqamətdə hərəkətdə olan, 1989-cu il təvəllüdlü Babalar Bayramovun idarə etdiyi “Ford” markalı 52-BK-626 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, daha sonra idarəetməni itirərək reklam lövhəsinə çırpıldığı, “Ford” markalı avtomobilin sürücüsünün isə hadisə yerindən qaçdığı müəyyən edilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin B.Bayramov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə, daha sonra sonuncunun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən o, fevralın 21-də şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.