CƏMİYYƏT


Baş Prokurorluq Səbail rayonunda evdə beş nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat yayıb

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfərin meyitinin aşkarlanması barədə Səbail Rayon Prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi evdə aşkarlanıb.

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.