CƏMİYYƏT
Baş Prokurorluq: Tovuz rayonunda üç ustanı elektrik cərəyanının vurması ilə bağlı cinayət işi başlanıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 23-də Tovuz rayonunun Əyyublu kəndində “Polatyol Yapı” şirkətinin ərazisində həyata keçirilən tikinti işləri zamanı üç ustanın elektrik cərəyanı vurması nəticəsində xəsarət alması faktı ilə bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaqla müəyyən olunub ki, həmin tarixdə şirkətin ərazisində aparılan yol tikinti-quraşdırma işləri zamanı ustalar - 1992-ci il təvəllüdlü Nihad Xudai, 1980-ci il təvəllüdlü Ayət Abduləzov və 1975-ci il təvəllüdlü Sulidin Abduləzov tikinti meydançasındakı qaldırıcı kranın yüksək gərginlikli elektrik naqilinə toxunmaları nəticəsində xəsarət alaraq Gəncə Şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər.
Hazırda N.Xudainin vəziyyəti ağır, A.Abduləzov və S.Abduləzovun vəziyyəti isə orta ağır qiymətləndirilir. Onların stasionar şəraitdə müalicələri davam etdirilir.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.