CƏMİYYƏT


Baş Prokurorluq Vətən müharibəsi qazisinin məhkəmə zalında həbs edilməsinə dair yayılan məlumatlara münasibət bildirib

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Vətən müharibəsi qazisinin məhkəmə zalında həbs edilməsinə dair sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində Vətən müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin məhkəmə iclas zalında həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Müəyyən edilib ki, Cəlilabad Rayon Məhkəməsinin 2021-ci il 2 fevral tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1-ci (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan olunmuş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyənləşdirilib.

Bununla belə, təqsirləndirilən Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən fevralın 12-də apelyasiya protesti verilib.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.