CƏMİYYƏT


Baş Prokurorluq Xaçmaz və Siyəzən rayonlarındakı tibb müəssisələrində yol verilən qanun pozuntularına dair məlumat yayıb

Bakı, 18 may, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə Diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən olunması ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında AQTA tərəfindən aparılmış yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozuntuları aşkarlanıb.

Baş Prokurorluq tərəfindən toplanmış materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə Diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən qanun pozuntularının aşkarlanması faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.