CƏMİYYƏT
Baş Prokurorluq insan alverinə qarşı mübarizəyə dair maarifləndirici videoçarx hazırlayıb VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. İnsan alverinə məruz qalanlar fahişəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar.
AZƏRTAC xəbər verir ki, bu barədə insan alverinə qarşı mübarizəyə dair Baş Prokurorluğun mətbuat xidməti tərəfindən hazırlanan maarifləndirici videoçarxda məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan videoçarxda insan alverinin dünyanın bütün ölkələrində baş verə bilən cinayət olduğu, onun həm milli, həm də transmilli xarakter daşıdığı vurğulanıb. Qeyd edilib ki, insan alveri istismar məqsədilə insanların cəlb olunması, daşınması, hədələnərək, güc tətbiq edilərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür. BMT-nin məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir. BMT Uşaq Fondunun (UNICEF) hesablamasına görə, hər il 1,2 milyon uşaq insan alverinin qurbanı olur. Aşkarlanan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.
Videoçarxda bildirilib ki, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına müavinət ödənilir. Bu qəbildən cinayətlərdən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə 152 “qaynar xətt”i məlumat-məsləhət xidməti göstərir.
“Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir və dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.