CƏMİYYƏT
Baş Prokurorluq iyirmi dörd il əvvəl odlu silahla öldürülməsinə cəhd edilmiş şəxsin iddialarına münasibət bildirib
Bakı, 16 avqust, AZƏRTAC
Bəzi media və sosial şəbəkə səhifələrində Bakı şəhər sakini İbadov Qərib Əliəkbər oğlunun, ona qarşı 1998-ci ildə cinayət törətmiş konkret şəxslərin məlum olduğu halda, prokurorluq orqanları tərəfindən onların cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı özünün səsləndirdiyi fikirlər yayımlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Baş Prokurorluq bununla bağlı bildirir ki, 1998-ci il fevralın 7-də ayaqqabı təmiri sexində işləyən Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılıb.
Qərib İbadovun, təqsirləndirilən şəxslərin məlum olmasını iddia etməsinə baxmayaraq, bu günədək istintaqla qeyri-aşkar şəraitdə cinayət törətmiş şəxslərin müəyyənləşdirilməsi mümkün olmayıb.
Odur ki, qeyd edilən iş üzrə hər-hansı şəxsin şübhəli şəxs qismində saxlanılması və ya ittiham elan edilməsi üçün kifayət qədər əsaslar müəyyənləşdirilməyib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.