CƏMİYYƏT
Baş Prokurorluq müraciətlərə baxılması qaydaları ilə bağlı ictimaiyyətə maarifləndirici video və fotolar təqdim edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Ölkəmizdə dövlət qurumları tərəfindən vətəndaşlara layiqli xidmət göstərilməsi, onların qəbulu, müraciətlərinə tam və hərtərəfli baxılması və haqlı tələblərinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlər prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaş məmnunluğunun təmin olunması üçün müraciətlərin müsbət həlli, habelə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə tədbirlərin davamı olaraq, prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı vətəndaşların mütəmadi olaraq maarifləndirilməsinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən izahedici video və fotolar hazırlanaraq ictimailəşdirilir.
Hazırda təqdim olunan video və fotolarda prokurorluq orqanlarında müraciətlərə baxılması qaydaları ilə bağlı əsas detallar izah olunub.
Video və fotoları Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən, həmçinin veb-saytından izləmək mümkündür.