CƏMİYYƏT


Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə müraciət edib

Bakı, 24 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu sosial şəbəkə istifadəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə qeyd olunub ki, Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa televiziya ilə müraciətlərində və düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza dövlətimizin başçısının sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə mütəmadi məlumatlar verilir.

Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə edilir. Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə mövcud müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.