CƏMİYYƏT
Baş Prokurorluq valideynləri tərəfindən diləndirilən azyaşlılarla bağlı məlumat yayıb
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yayılan xəbərlərə münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məsələ ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Suraxanı rayonu ərazisində yaşayan, QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyənləşdirilib.
Bundan başqa, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitariya şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Yoxlama zamanı valideynləri narkotik vasitə istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.
Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq, hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.
Bu barədə ictimaiyyətə məlumat veriləcək.