CƏMİYYƏT


Baş Prokurorluq yeni doğulmuş uşağın oğurlanması iddiasına münasibət bildirib

Bakı, 7 sentyabr, AZƏRTAC

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxt sakini Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarından birinin “3 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin həkimləri tərəfindən oğurlanması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarının birinin qeyd edilən xəstəxananın həkimləri tərəfindən oğurlanması barədə müraciəti üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı müəyyənləşdirilib ki, Aytən Namazovanın hamiləliyi dövründə ultrasəs müayinəsi üçün müraciət etdiyi Sabunçu rayonunun 21 saylı şəhər poliklinikasının həkim-sonoqrafı Sevda Nəzərova və həkim sonoqraf Şərqiyyə İbrahimova tərəfindən müayinə vərəqələrində faktiki olaraq bir dölə aid göstəricilərin qeyd olunmasına baxmayaraq, sonuncuların müayinə vərəqələrinin tərtibatına məsuliyyətsiz yanaşmaları nəticəsində dölün sayı qrafasında mexaniki səhvə yol verilərək 2 rəqəmi qeyd edilib.

Aparılmış araşdırma nəticəsində Aytən Namazovanın 2019-cu il noyabrın 7-də müraciət etdiyi 3 saylı ŞKX-da ultrasəs müayinəsi zamanı 6 həftəlik əkiz döllərə hamilə olması, lakin hamiləliyinin sonrakı dövrlərində döllərdən birinin inkişafdan qalması nəticəsində 2020-ci il iyulun 31-də yalnız bir uşaq dünyaya gətirməsi alınmış izahatlar, məhkəmə-tibbi ekspertinin rəyi və digər zəruri sənədlərlə sübuta yetirildiyindən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından 2020-ci il sentyabrın 3-də cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Sabunçu Rayon Prokurorluğu tərəfindən qeyd edilən həkimlərin intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması, bu kimi halların qarşısının alınması və gələcəkdə yol verilməməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdimat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.