İQTİSADİYYAT


Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində təlim keçirilir

Bakı, 16 may, AZƏRTAC

TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən Baş Prokurorluğun müraciəti əsasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” mövzusunda ekspert missiyası təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ispaniyalı ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyedin iştirakı ilə dəyirmi masa formatında təşkil olunmuş dördgünlük təlimdə Baş Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak edirlər.

Təlimin birinci günündə tədbiri giriş nitqi ilə açan Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, dövlət siyasətinin prioritet istiqamətlərindən olan beynəlxalq əməkdaşlığın gücləndirilməsi, habelə qabaqcıl ölkələrin müsbət təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin təşəbbüsü ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən 2022-ci il və sonrakı müddət üçün həyata keçirilməsi nəzərdə tutulmuş Avropa İttifaqının TAIEX proqramı çərçivəsində əməkdaşlığa başlanıb. Fərdi yanaşma və praktiki səmərəlilik prinsipləri əsasında həyata keçirilən TAIEX aləti İttifaqa üzv ölkələrin müsbət təcrübəsinin öyrənilməsində mühüm vasitə kimi çıxış edir.

Heydər Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclərin iqtisadi, sosial, mədəni və sair hüquqlarının təmin olunması ilə bağlı bir sıra qanunlar qəbul edilib, bu sahədə milli qanunvericiliyin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması sahəsində xeyli işlər görülüb. Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə bir çox mütərəqqi normalar nəzərdə tutulub. Bu xüsusda qabaqcıl ölkələrin müsbət təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və müvafiq ekspert missiyasının təşkili bu istiqamətdə görülən işlərin səmərəliliyinin daha da artırılmasına yönəlib.

Daha sonra ekspertlər tərəfindən təlimin mövzusu ətrafında çıxışlar və təqdimatlar edilib. Avropa İttifaqının yuvenal ədliyyəsinin ümumi prinsipləri, bu sahədə qurum və BMT çərçivəsində formalaşmış beynəlxalq-hüquqi baza, uşaq və yetkinlik yaşına çatmayan şəxslərin zərər çəkmiş şəxs olduqları cinsi istismar cinayətləri ilə mübarizədə maarifləndirmənin rolu və sair mövzular barədə geniş məlumat verilib.

İnteraktiv formada təşkil edilmiş tədbirin cari il mayın 20-dək keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.