Baş Qərargah rəisi Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahını ziyarət edib
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahında olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə GIDS-nin təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.
Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.



Xəbərin mətnində orfoqrafik səhv var