CƏMİYYƏT
Baş beyində qansızma olan xəstə üzərində uğurlu əməliyyat aparılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında beynində qansızma olan 52 yaşlı qadın uğurla əməliyyat olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, neyrocərrah, dosent Rəşad Xəlilzadən xəstənin Yevlax rayonundan klinikaya koma vəziyyətində çatdırıldığını deyib: “İlkin diaqnoz və müayinə baş beyinə qansızma olduğunu müəyyən edib. Qansızmanın mənbəyini müəyyənləşdirmək üçün kompüter-tomoqrafik angeoqrafiya müayinəsi nəticəsində baş beyin arteriyalarının anevrizması, yəni damar divarının şar şəkilli böyüməsi aşkar olunub. Divarın böyüməsi nəticəsində damarın partladığı və beyinə qan sızdığına görə də xəstə üzərində əməliyyat aparılıb”.
Dörd saat davam edən əməliyyat nəticəsində anevrizmanın boynuna klip yerləşdirilib. Xəstə bir müddət reanimasiyada qaldıqdan sonra evə buraxılıb.