CƏMİYYƏT


Baş epidemioloq: Sərt karantin rejiminin yenidən tətbiqində məqsəd vətəndaşların sağlamlığının mühafizəsidir

Bakı, 19 iyun, AZƏRTAC 

Karantin rejiminin şərtləri yüngülləşdirildikdən sonra sanki vətəndaşlar arasında pandemiyanın aradan qalxması ilə bağlı arxayınçılıq yarandı. Diqqətsizlik, gigiyenik qaydalara əməl etməmək, sosial məsafəni qorumamaq, xəbərdarlıqlara məhəl qoymadan kütləvi toplanmaq nəticəsində virus yenidən yayılmağa bağladı. Bununla da əvvəlcə həftəsonları bir sıra şəhər və rayonlarda sərt karantin rejimi tətbiq olundu. Sonra isə virusun daha çox yayıldığı ərazilərdə iki həftəlik – iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejiminin tətbiq edilməsi qərara alındı. Vətəndaşlar bilməlidirlər ki, məhdudiyyətlərin yenidən tətbiqi onların xeyrinədir və əhalinin sağlamlığının mühafizəsi məqsədini daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu respublikanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib.

Pandemiyaya qarşı ölkə ərazisində əks-epidemik tədbirlərin ardıcıl davam etdirildiyini diqqətə çatdıran professor koronavirusdan qorunmaq üçün əhalini bir daha gigiyenik normalara riayət etməyə səsləyib. O, hər kəsin sağlamlığının öz əlində olduğunu bildirərək tibbi maskadan istifadə etməyi, bu zaman mütləq ağız və burun boşluğunu örtməyi, sosial məsafəni saxlamağı, kütləvi tədbirlərdə iştirak etməməyi məsləhət görüb: “İnsanlar özü-özlərinin həkimi olmalıdırlar, lakin bu, o demək deyil ki, onlar özbaşına dərman preparatı qəbul etməlidirlər. Yəni, vətəndaşlar gigiyenik normalara əməl etməli, özlərini, ətraflarını, yaxınlarını düşünərək maksimum dərəcədə diqqətli olmalıdırlar. Kiminsə səhhəti ilə bağlı şikayəti olduqda mütləq həkimə müraciət edib, onun müayinəsindən keçib, məsləhət gördüyü dərmanları qəbul etməlidir”.

O həmçinin deyib: “Bu ilin yanvarından dünyada koronavirus yayıldığı vaxtdan etibarən ölkəmizdə qabaqlayıcı təbirlər görüldü. Bunun da nəticəsində virusa yoluxanların sayı az oldu və ölkə ərazisində epidemioloji cəhətdən sabitlik yarandı. Prezident İlham Əliyev pandemiya ilə mübarizə aparmaqda səlahiyyətli olan bütün dövlət qurumlarına xüsusi göstəriş və tapşırıqlarını verdi. Respublikanın hər yerində COVID-19-a qarşı görülən əks-epidemik tədbirlərin nəticəsində ölkə ərazisində vəziyyət epidemioloji həddi keçmədi.

Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda pandemiyaya qarşı mübarizənin genişmiqyaslı və hərtərəfli aparıldığını təqdir edir. Azərbaycanın təcrübəsi digər ölkələrə nümunə kimi göstərilir. Bu mübarizədə ölkəmizdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının xidmətlərinin böyük rolu var. Təbii ki, ən böyük məsuliyyət həkimlərin üzərinə düşür. Ölkə rəhbərliyinin birbaşa nəzarəti və Azərbaycan səhiyyəsinin geniş imkanları ilə həkimlərimiz pandemiya ilə mübarizədən alnıaçıq, üzüağ çıxırlar. Sevindirici haldır ki, həmkarlarım bu mübarizədə bilik və bacarıqlarını hərtərəfli nümayiş etdirirlər. Bu qədər əziyyətin hədər olmaması üçün vətəndaşların məsuliyyətli davranışı, tövsiyələrə riayət etməsi vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.