CƏMİYYƏT


Baş həkim: Koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurmuşam

Bakı, 17 fevral, AZƏRTAC

Poliklinikamızda 141 tibb işçisi çalışır. Yanvarın 18-də ölkəmizdə yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya başlayan zaman onlardan 124-ü vaksinasiyadan keçib. 17-si son 6 ayda COVID-19-a yoluxduğundan, analıq məzuniyyətində və ya südvermə dövründə olduğundan peyvəndləmə prosesinə cəlb edilməyiblər. Poliklinikamızda peyvənddən ilk olaraq mən və üç tibb işçisi keçmişik. Bildiyimiz kimi, ikinci doza birincidən 28 gün sonra vurulur. Fevralın 15-də poliklinikamızda özüm də daxil olmaqla 4, ötən gün 18 tibb işçisi peyvəndin ikinci dozasını vurdurub. Bu gün isə 51 tibb işçisinə ikinci dozanın vurulması planlaşdırılır. Nə birinci, nə də ikinci dozadan sonra heç bir allergik reaksiya müşahidə olunmayıb.

Bu barədə AZƏRTAC-a Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova məlumat verib.

Baş həkim bildirib ki, fevralın 8-dən 65 yaş və ondan yuxarı, bu gündən isə 50 yaş və ondan yuxarı yaş qruplarının COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb: “Poliklinikada qeydiyyatda olan 65 yaşdan yuxarı vətəndaşların sayı 2911, 50 yaşdan yuxarı vətəndaşların sayı isə 4237 nəfərdir. 65 yaşdan yuxarı vətəndaşlar arasında 232 nəfər vaksinasiyadan keçib. Vətəndaşlar vaksinasiyada fəal iştirak edirlər. Buna baxmayaraq, əhalini peyvəndləmə prosesində daha aktiv olmağa səsləyirəm. Hər kəs bilməlidir ki, nə qədər çox insan peyvənd olunsa, koronavirus pandemiyası ilə mübarizədən bir o qədər tez qalib ayrılacaq, normal həyatımıza qayıdacağıq. Çin Xalq Respublikasının “Sinovac” şirkətinin “CoronaVAC” vaksini təsirli peyvənddir və son məlumata görə, 92 faiz effektlidir. Poliklinikamızda peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib. Bəzi adamlarda hiperemiya qeydə alınıb və 10-15 dəqiqə ərzində keçib. Vətəndaşlar bilməlidirlər ki, vaksinasiyadan əvvəl və sonra alkoqollu içkilər qəbul etmək tövsiyə olunmur. Çünki alkoqollu içkilər peyvəndin təsirini zəiflədir. Peyvənd vurulması üçün praktiki əks-göstəriş yoxdur. Ancaq hamilələrə, südverən analara, 18 yaşadək uşaqlara, o cümlədən xroniki xəstəliklərin kəskinləşmə dövründə olanların vəziyyətləri sabitləşənədək onlara vaksin vurulmur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.