CƏMİYYƏT
Baş həkim: Koronavirusun üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq
Bakı, 18 fevral, AZƏRTAC
Yanvarın 18-də ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə başlayan vaksinasiya prosesində poliklinikamızda ilk peyvənd vurduranlar sırasındayam. Artıq ikinci dozanı da vurdurmuşam. Özümü çox yaxşı hiss edirəm. Poliklinikamızda işləyən 500-ə yaxın səhiyyə işçisinin 70 faizi vaksinasiyadan keçib. Qalanları son altı ayda koronavirusa yoluxması, xroniki xəstəliklərin kəskin dövründə olması səbəbindən hələ ki, peyvənd vurdurmayıblar. Fevralın 8-dən 65 yaş və yuxarı, fevralın 17-dən isə 50 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılıb. Ümumilikdə peyvəndləmə prosesi başlayandan poliklinikamızda 589 nəfərə vaksin vurulub. Peyvənd olunanlarda ciddi yan təsir qeydə alınmayıb, bəzilərində yüngül temperatur, inyeksiya yerində şişkinlik olub. Vətəndaşlar vaksinasiyanın vacibliyini dərk edir, peyvənd olunmaq üçün fəal şəkildə müraciət edirlər.
AZƏRTAC xəbər verir ki, bunu Xəzər rayonu 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Tərlan Bəbirov deyib.
“COVID-19-un birinci, ikinci dalğalarını hər birimiz görmüşük. Sərt karantin tədbirləri nəticəsində vəziyyət nəzarət altına alınsa da, pandemiya əksəriyyətimizə zərər verib, ailəmizdə, yaxınlarımızda itkilərə səbəb olub. Xəstəliyə görə vəziyyəti ağırlaşan, ölüm döşəyindən qayıdan yaxınlarımız üçün xeyli həyəcan, stres keçirmişik. Bilməliyik ki, mart-aprel aylarında üçüncü dalğanın olmaması, eyni mənzərə ilə qarşılaşmamaq üçün mütləq peyvənd vurdurmalıyıq. Vaksinasiya bu qlobal bəladan yaxamızı qurtarmaq, daha çox itkilərimizin olmaması üçün tək çarədir. Peyvənd olunandan sonra da qətiyyən arxayınlaşmamaq lazımdır, maska istifadə etmək, sosial məsafəni gözləmək, gigiyena qaydalarına əməl etmək vacibdir”, - deyə T.Bəbirov qeyd edib.