CƏMİYYƏT
Baş həkim: Müraciətlər artıb, vaksinasiya sürətlə gedir
Bakı, 18 fevral, AZƏRTAC
Bakının Qaradağ rayonundakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında əhalinin vaksinasiyası getdikcə daha kütləvi hal alır. Vaksinasiyanın ilk günlərinə nisbətən indi müraciətlər xeyli artıb.
Bu barədə xəstəxananın baş həkimi Elmira Rəfailova AZƏRTAC-ın müxbirinə deyib: “Görünür, bu həm də həkim və tibb işçilərimizin peyvəndin üstünlükləri və faydası barədə əhali arasında apardığı məlumatlandırma işlərinin nəticəsidir. Peyvənd vurulması üçün ümumilikdə 8, o cümlədən 1 qeydiyyat, 1 gözləmə, 3 peyvənd, 1 müşahidə, 1 təxirəsalınmaz tibbi yardım və 1 kompüter otağı ayrılıb. Həmçinin bu mühüm tədbirin aparılması üçün hərəsində 2 həkim və 4 tibb işçisi olmaqla iki növbədə işləyirik. Buna baxmayaraq, son günlər müraciətlər artdığından peyvəndləmə işinə bəzən əlavə işçi qüvvəsi də cəlb etmək lazım gəlir. Xəstəxanamızda 578 nəfər yaşı 65-dən yuxarı olan vətəndaş peyvənd olunmalıdır. İndiyə qədər onların 96 nəfəri vaksinasiyadan keçib”.
Baş həkim prosedurun gedişi barədə də ətraflı məlumat verib: “Peyvənd vurdurmaq istəyənlər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaşlar təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Xəstəxananın giriş qapısında peyvənd vurdurmağa gələnlərin temperaturları ölçülür, əllərinə dezinfeksiyaedici spirt məhlulu vurulur və bundan sonra onlar xüsusi qeydiyyat otağına yönəldilirlər. Peyvənd vurdurmaq üçün gələn sakinlərin ambulator kartı götürüldükdən sonra onlar həkimin müayinə otağına göndərilirlər”.
Fevralın 17-dən isə 50 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Baş həkimin verdiyi məlumata görə, həmin kateqoriyaya daxil olan sakinlərin vaksinasiyası daha mütəşəkkil qaydada aparılır: “İlk gündə 115 nəfərə peyvənd vurulub. Bu günün birinci yarısında isə yaşı 50-dən yuxarı olan 56 nəfər vaksinasiya edilib. Onu da qeyd edim ki, həkimlərimiz sakinləri inyeksiya etməklə işlərini bitmiş hesab etmirlər. Peyvənd vurulandan sonra da sahə həkimləri onlara zəng edir, evlərinə baş çəkir, özlərini necə hiss etdikləri ilə maraqlanırlar. Nəticələr göstərir ki, Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksininin təsiri yaxşıdır, şikayətlər isə yox dərəcəsindədir”.
Xəstəxananın baş həkimi daha sonra deyib: “Bu kampaniyalarla eyni vaxtda ikinci dozanın vurulması işləri də aparılır. Həkim və tibb işçilərindən 17 nəfəri artıq peyvəndin ikinci dozasını vurdurub”.