CƏMİYYƏT


Baş həkim: Poliklinikamızda yaşı 65-dən yuxarı olan 2947 nəfər peyvənd olunacaq

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 8-dən etibarən ölkəmizdə 65 yaşdan yuxarı vətəndaşların yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiyası aparılır. Paytaxtdakı 2 nömrəli şəhər poliklinikasında da vaksinasiya tədbirləri uğurla davam edir.

Poliklinikanın baş həkimi Sevda Aslanova vaksinasiyanın gedişi barədə AZƏRTAC-ın müxbirinə deyib: “Müəssisəmizdə 142 həkim və tibb işçisi çalışır, onlardan 127 nəfəri peyvənd olunub. Qalan tibb işçiləri müxtəlif vaxtlarda COVID-19-a yoluxaraq sağalıblar və ya hamilə olduqları üçün onlara peyvənd vurulmayıb.

Dünəndən isə yaşı 65-dən yuxarı olan vətəndaşların peyvənd olunmasına başlanılıb. Fevralın 8-də gün ərzində 30 nəfərə xüsusi ayrılmış peyvənd otaqlarında Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksini vurulub. Peyvənd edilənlərin heç birində narahatlıq və əks reaksiya halına rast gəlinməyib. Bu gün də xeyli müraciət edən var. Artıq günün birinci yarısında 10 nəfər yaşlı sakin peyvənd olunub. Ümumilikdə poliklinikada 2947 nəfər yaşı 65-dən yuxarı vətəndaşa peyvənd vurulacaq”.

Baş həkim hərəkət məhdudiyyətli və xəstə olanlara yaşadıqları ünvanlarda xidmət göstəriləcəyini bildirib: “Hələlik indiyədək bizə fiziki məhdudiyyətli vətəndaşlar müraciət etməyib. Həmin kateqoriyadan olanlar müraciət edəcəyi təqdirdə onların yaşadıqları ünvana nevropatoloq, terapevt, okulist və digər ixtisaslı həkimlərdən ibarət həkim briqadası göndəriləcək və onların tam müayinəsindən sonra sağlamlıq vəziyyətləri imkan verdiyi halda peyvənd olunacaqlar”.

Həkimin dediyinə görə, fiziki məhdudiyyətli vətəndaşlara tətbiq olunan vaksinlər xüsusi konteynerlər vasitəsilə onların evlərinə çatdırılacaq: “Soyuq halda saxlanılması vacib olan vaksinlər həmin konteynerlərin içində dörd tərəfi buzla örtülmüş yastıqçaların arasında saxlanılır. Vaksinlər soyuducuda 2-8 dərəcə mənfi temperaturda tibb bacısı və həkimlərin iştirakı ilə xəstənin yaşadığı ünvana çatdırılacaq və elə oradaca soyuducudan çıxarılaraq vurulacaq. Müraciət edən vətəndaşlar əvvəlcə müayinə olunurlar, onların arterial təzyiqi, nəbzi ölçülür, qanın saturasiyası yoxlanılır. Həmin göstəricilər normaya uyğun olduqda peyvənd vurulmasına icazə verilir”.

Onu da qeyd edək ki, evdə vaksinasiya edilməsi iki halda - vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə aparıla bilər. Peyvənd olunanlar arxayınlaşmamalı, sosial məsafə saxlamalı, gigiyenik qaydalara riayət etməli və maska taxmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.