CƏMİYYƏT
Baş həkim: Xroniki xəstəliklərin aktiv dövründə olanlara peyvəndləmə üçün vəziyyətləri stabilləşəndən sonra müraciət etmələri tövsiyə olunur
Bakı, 11 fevral, AZƏRTAC
Bir neçə gündür ki, ölkəmizdə 65 yaşdan yuxarı vətəndaşların COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Poliklinikada 6500-dən çox 65 yaşdan yuxarı vətəndaş qeydiyyatdadır. Onlar peyvənd olunmaq üçün https://randevu.its.gov.az/ saytından qeydiyyatdan keçir, həmin şəxslərə SMS vasitəsilə birinci dozanın vurulacağı tarix və saat barəsində məlumat göndərilir. Göstərilən vaxtda poliklinikaya müraciət edən vətəndaşların girişdə temperaturu yoxlanılır, onlar qəbul otağında müayinə olunur, yanaşı xəstəliklərinin olub-olmaması müəyyən edilir, təzyiqləri ölçülür. Özlərini narahat hiss edənlərə, xroniki xəstəliklərin aktiv dövründə olanlara vaksin vurulmur, onlara vəziyyətləri stabilləşəndən sonra müraciət etmələri tövsiyə olunur. Yüksək təzyiqi olanlara müvafiq dərman preparatı verilir, əgər vəziyyətləri normallaşarsa, onlar qeydiyyatdan keçərək peyvənd olunurlar. Vaksin vurduranlar 30 dəqiqə ərzində müşahidə altında saxlanıldıqdan sonra ciddi əks-təsir qeydə alınmazsa, evə buraxılırlar. Gün ərzində isə sahə həkimləri həmin şəxslərlə əlaqə saxlayıb vəziyyətlərini öyrənir. Peyvənd vurulan vətəndaşların hər biri üçün sertifikat hazırlanır və orada ikinci dozanın vurulacağı tarix qeyd olunur. Bu günədək 70-dən çox 65 yaşdan yuxarı vətəndaşa vaksin vurulub. Bu gün üçün hələ ki, 35 nəfər vaksinasiya üçün https://randevu.its.gov.az/ saytında qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu paytaxtdakı 7 nömrəli şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova deyib.
O, bildirib ki, poliklinikada 280 nəfər tibb işçisi çalışır. Onlardan 77-si vaksinasiyadan keçib. Qalan səhiyyə işçilərinin müxtəlif vaxtlarda koronavirusa yoluxub sağalması, bəzilərinin hamilə və ya südvermə mərhələsində olması səbəbindən onlara vaksin vurulmayıb.
Baş həkimin sözlərinə görə, bu günədək həm vətəndaşlar, həm də tibb işçiləri arasında vaksindən sonra ciddi narahatlıq halı qeydə alınmayıb. Poliklinikada çalışan səhiyyə işçilərinə ikinci doza gələn həftə vurulacaq.