CƏMİYYƏT
Baş infeksionist: həkim əməyinə verilən bu dəyər bizi daha böyük fədakarlıqla çalışmağa sövq etdi
Bakı, 19 mart, AZƏRTAC
Hazırda bütün dünya ölkələri koronavirusla (COVID-19) mübarizəyə köklənib. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir.
Ölkəmizdə də bu virusun yayılmaması üçün bir sıra zəruri və təxirəsalınmaz tədbirlər görülür. Bununla əlaqədar olaraq qarşıdakı bir ayda kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektorda çalışan vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmək tələb olunur.
Prezident İlham Əliyevin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı əhalinin sağlamlığına və tibb işçilərinin sosial müdafiəsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Ölkəmizin baş infeksionisti Cəlal İsayev bu sözləri AZƏRTAC-a verdiyi müsahibədə deyib. Onun dediyinə görə, hazırda təhlükəli vuruşa qarşı mübarizə hər bir ölkədə bir nömrəli məsələ olaraq qalır: “Qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər görülür. Dövlət başçısının verdiyi Sərəncam belə bir çətin, məsuliyyətli və həssas dövrdə sağlamlıq keşikçilərinin əməyinə verilən çox yüksək dəyərdir. Üstəlik həkim əməyinə verilən bu dəyər bizi daha böyük fədakarlıqla çalışmağa, infeksiyanın qarşısının alınması və görülən profilaktik tədbirlər nəticəsində ölkəmizin sakinlərinin maarifləndirilməsi və bu yolla onları təhlükədən uzaq tutmağa səfərbər etməyə yönəldib.
Yeri gəlmişkən deyim ki, Ümümdünya Səhiyyə Təşkilatı yerli və beynəlxalq ekspertləri cəlb etməklə ölkəmizə dəstək verir. Hazırda Azərbaycan hökuməti həmin təşkilatın tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan ölkələr sırasındadır. Eyni zamanda, ölkəmizin Ümümdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırması bir çox ölkələr üçün nümunədir”.
Baş infeksionist onu da əlavə edib ki, pandemiyaya qarşı mübarizə aparıldığı bu günlərdə dövlətlə vətəndaşın həmrəy olması lazımdır, çünki tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir. Tutduğu mövqedən və baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər kəs bilməlidir ki, tətbiq olunan qaydalar onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır.