SİYASƏT
Baş konsul: Azərbaycan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmamışdı




Qars, 27 sentyabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulluğu tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Qarsdakı Heydər Əliyev Parkında keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xalqımızın qəhrəman övladlarının ruhuna dualar oxunub.
Sonra baş konsul Nuru Quliyev 44 günlük Vətən savaşının səbəb və məqsədləri barədə iştirakçılara müfəssəl məlumat verib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı parlaq Qələbəni dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri kimi dəyərləndirən baş konsul diqqətə çatdırıb ki, Azərbaycan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyevin liderliyi ilə xalqımız hər zaman torpaqlarımızı işğaldan azad etməyə hazır olub və bir il əvvəl bunu reallaşdırıb.
Şanlı Qələbənin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi xüsusi vurğulayan baş konsul əminliklə bildirib ki, iki qardaş ölkə bundan sonra da çiyin-çiyinə addımlayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars